İnkişaf etmiş dövlətlərin ordularında döyüş–informasiya–idarəetmə sistemləri yaradılaraq, bütün səviyyələrdə olan idarəetmə orqanlarının avtomatlaşdırma vasitələrinin inteqrasiyası həyata keçirilir. Atəşlə zərərvurma vasitələrinin daha sürətlə yenilənməsi silahlı qüvvələrin tətbiqi konsepsiyasına güclü təsir göstərir.
Əməliyyatda müxtəlif qoşun növü və qismindən olan qruplaşmalarının birgə fəaliyyətlərinin, müasir atəşlə zərərvurma kompleks və sistemlərinin tətbiqinin, tabeçilik səviyyələrinə görə inteqrasiya və qarşılıqlı əlaqə prinsiplərinə uyğun olaraq, həyata keçirilməsi nəzərdə tutulur.
Bir çox ölkələr əsas imkanlarını hərbi potensialı artıran yüksək texnologiyalı sistemlərin işlənilib hazırlanmasına cəmləşdirib. Bunu nəzərə alaraq, perspektiv silahların tətbiqi, müvafiq idarəetmə sisteminin işlənilib hazırlanması və müasir mübarizə vasitələrinin istifadəsi şəraitində düşmənə atəşlə zərərvurmanın yeni forma və üsullarının yaradılması istiqamətində məqsədyönlü işlər aparılır. Təkmilləşdirmənin ən vacib istiqamətlərinə yüksəkdəqiqlikli uzaqvuran silahların və təminedici vasitələrin işlənib hazırlanmasını da aid etmək olar.
Elm və texnologiya sahəsindəki yeniliklər müasir müharibələrdə və döyüş fəaliyyətlərində atəşlə zərərvurma nəzəriyyələrində köklü dəyişikliklər edilməsi zərurətini yaradır. Müasir silahlı mübarizədə informasiyanın rolunun daim artması əməliyyat konsepsiyalarında hərbi fəaliyyətlərin aparılmasının yeni qaydalarının işlənilib hazırlanmasını tələb edir.
Hərb məharəti nəzəriyyəsində yeniliklərdən biri də qoşunların bütün tətbiq səviyyələrində “şəbəkə-mərkəzləşdirmə” (сетецентрические) fəaliyyətləridir. Bu konsepsiyanın məzmunu qlobal informasiya hökmranlığının qazanılması, düşmənin dövlət və hərbi idarəetmə sistemlərinin pozulması, həmçinin eyni vaxtda döyüş və təminat sistemlərinin sıradan çıxarılması yolu ilə düşmənin əks-təsir göstərmək imkanlarından məhrum edilməsindən ibarətdir.
Aparıcı dövlətlərin şəbəkə-mərkəzləşdirmə konsepsiyaları qarşılıqlı fəaliyyətin təşkili və müxtəlif döyüş elementlərinin alt sistemlərə uzlaşdırılması, sonra isə bütün formalaşdırılmış sistemlərin – “şəbəkə sistemlərinin” açılması ilə vahid struktura birləşdirilməsi imkanları üzərində qurulur. Qarşılıqlı fəaliyyətin belə təşkili nəinki rabitə platformaları, qovşaqları, vasitələri və xətlərinin texniki baxımdan birləşdirilməsini, həmçinin şəxsi heyət və idarəetmə orqanları arasında məqsədyönlü qarşılıqlı fəaliyyətin təşkilini nəzərdə tutur. Gələcəkdə ehtimal edilən silahlı mübarizənin aparılmasında şəbəkəmərkəzləşdirmə konsepsiyasına əsasən atəşlə zərərvurmanın xarakteri aşağıdaki cədvəldə göstərilib.

Hərbi mütəxəssislərin fikrincə, müasir və gələcək əməliyyatlarda müvəffəqiyyət əsasən tabelikdə olan qoşunların və atəş vasitələrinin effektiv idarə edilməsini təmin edən vahid informasiya-kommunikasiya məkanında olan rəqəmsal şəbəkələrə birləşdirilmə dərəcəsindən asılı olacaqdır. Bununla əlaqədar olaraq, əks-təsirin təşkilinin əsas tədbirləri kimi radioelektron mübarizənin və yalan məlumat verməklə çaşdırmanın rolu əhəmiyyətli dərəcədə artır. Effektiv atəşlə zərərvurmanın təşkili üçün düşməndə mövcud olan sistemlərin quruluşunu, idarəetmə orqanlarının tərkibini və onların zəif cəhətlərini bilmək tələb olunur.
Hərb məharətinin təkamülü qoşunların və atəş-zərbə vasitələrinin idarə olunmasının avtomatlaşdırılması, həmçinin silahların dəqiqliyinin, təsir qüvvəsinin, uzaqvurmasının artırılması və robotlaşdırılması yolu ilə inkişaf etdirilir.
Döyüş fəaliyyətlərinin yeni formalarına görə atəşlə zərərvurmanın vacib xüsusiyyəti əməliyyatın aparılması zamanı bütün səviyyələrdə atəş vasitələrinin idarə edilməsinin dayanıqlılığı və fasiləsizliyi, həmçinin sistemin dinamik şəraitə adaptasiya olunmasıdır. Qoşunların və atəş vasitələrinin idarəetmə sistemlərinin təkmilləşdirilməsinin, onların döyüş fəaliyyətlərinin planlaşdırılması və aparılmasında əhəmiyyətinin artmasının əsas istiqamətlərinin təhlili silahlı qarşıdurmada atəşlə zərərvurmanın nəzəriyyəsinin daha təfsilatlı tədqiq edilməsinin zəruriliyini göstərir.
Son zamanlar aparılmış əməliyyatların əsas əlaməti qoşunların (qüvvələrin) və atəş vasitələrinin ümumi şəbəkənin avtomatlaşdırılmış sistemində idarə olunması nəticəsində fəaliyyətlərin operativliyinin artmasıdır. Vahid idarəetmə şəbəkələri taktiki bölmələrdən strateji səviyyəyə qədər açılaraq döyüş platformalarının, kəşfiyyat orqanlarının, zərbə və təminedici sistemlərin funksiyalarının vahid formada həyata keçirilməsini təşkil edir. Bu elektron şəbəkələr əməliyyat məkanında aşağıdan yuxarı və bərabər səviyyələrdə bütün qüvvələrin operativ idarəetməsini fasiləsiz təmin edən informasiya-idarəetmə kompleksində birləşdirir və əlaqələndirir. Bütün elementlərin birgə səyi ilə yuxarıdan və aşağıdan informasiya ilə yenilənən, tabeçilikdə və qarşılıqlı fəaliyyətdə olan bütün əməliyyat və döyüş idarəetmə səviyyələri üçün açıq olan, düşmənin təsirindən qorunan və fasiləsiz olaraq dəstəklənən vahid kompleks “informasiya-idarəetmə sahəsi” yaradılır. Əməliyyatlar zamanı yaradılan kəşfiyyat-zərbə sisteminin (KZS) tətbiqi döyüş fəaliyyətləri meydanında düşmən üzərində informasiya-idarəetmə üstünlüyünün qazanılmasına, qüvvələrin fəaliyyətində təşəbbüsün ələ keçirilməsinə, o cümlədən atəş üstünlüyünün saxlanılmasına imkan verir.
Döyüş fəaliyyətlərində qoşunların və atəş vasitələrinin idarəetmə sisteminin ehtimal olunan prinsipial sxemi şəkil 1-də göstərilib.
Şəkil 1. Qoşunları və atəş vasitələrini idarəetmə sistemi (variant)
Ümumqoşun birliklərinin KZS-nin yaradılması növbəti fəaliyyətlərin həyata keçirilməsinə imkan verir:
– düşmən qruplaşmalarının əməliyyat dərinliyinədək (zərbə və atəş vasitələrinin çatdırma dərinliyinədək) zərbələrin endirilməsinə;
– müxtəlif hədəf qruplarına atəşlə zərərvurmadan düşmən qruplaşmasının silah komplekslərinin, idarəetmə və təminat altsistemlərinin məhv edilməsinə keçməyə;
– düşmənə zərərvurma dərəcəsinin 1,5–2 dəfə artırılmasına;
– reaksiya vaxtını 1–7 dəqiqəyə və daha az vaxta çatdırmağa;
– hədəfi buraxma qurğusunun, döyüş maşınının, yaylım atəşli reaktiv sisteminin və aviasiyanın bir yaylım atəşi ilə məhv etməyə;
– ümumqoşun birliklərinin fəaliyyəti ilə düşmənin məhv edilməsinin başa çatdırılmasına.
Şəbəkə-mərkəzləşdirmə prinsipi ilə aparılan əməliyyatda (döyüşdə) düşmənə atəşlə zərərvurmada iştirak edən bütün qüvvə və vasitələrin keyfiyyətcə yeni inteqrasiya səviyyəsi tələb edilir. Müasir şəraitdə düşmənə atəşlə zərərvurmanın effektivliyi onun daha mühüm qoşun və qüvvə qruplaşmalarına əsasən vaxtlı-vaxtında, dəqiq və razılaşdırılmış olaraq tətbiqindən asılıdır.
Döyüş fəaliyyətlərinin üsul və formalarının inkişafının atəşlə zərərvurmaya istiqamətləndirilmiş daha perspektiv yolu kəşfiyyat-atəş fəaliyyətləri qaydalarının işlənib hazırlanması ilə əlaqədardır. Əməliyyatın məqsədlərinə nail olmaq üçün əsas diqqət bütün zərərvurma vasitələrinin cəlb olunması ilə düşmənin atəşlə məhv edilməsinə və onun döyüş potensialının maksimal dərəcədə zəiflədilməsinə verilir. Ümumqoşun birliklərinin zərbələri ilə düşmənin zəiflədilmiş və nizamı pozulmuş qruplaşmalarının məhv olunması başa çatdırılır. Burada kəşfiyyat-zərbə sisteminin əsası olan ümumqoşun birliklərinin marağında fəaliyyət göstərən raket qoşunları, artilleriya, HHM və aviasiyadan ibarət kəşfiyyat-atəş sistemlərinin (döyüş sistemlərinin) və ya platformalarının uzlaşdırılmış tətbiqi nəzərdə tutulur. Öz növbəsində, kəşfiyyat-atəş sistemlərinin əsas tapşırığı təyin olunmuş kəşfiyyata və atəşə cavabdehlik zonasında atəş vasitələrinin təsir edəbilmə dərinliyində reallığa yaxın vaxt miqyasında sistematik atəş fəaliyyətləri, kütləvi radioelektron və atəş zərbələrinin endirilməsi yolu ilə düşmənin obyekt və sistemlərinə dərin, yüksək effektiv atəşlə zərərvurma və onun radioelektron susdurulmasıdır.
Kəşfiyyat-atəş sisteminin mövcudluğu ümumqoşun birliyinin kəşfiyyata və zərərvurmaya cavabdehlik zonasında fəaliyyət göstərən mənsubiyyətdən asılı olmayaraq bütün müxtəlif növ qüvvə və vasitələrin bilavasitə operativ idarə edilməsini həyata keçirməyə imkan yaradır.
Hazırlanmış əməliyyat (döyüş) planına uyğun olaraq birliyin döyüş tapşırığı, tabeliyə verilmiş qüvvə və vasitələrin döyüş mövqeləri və onların döyüş imkanları, qarşılıqlı fəaliyyətdə olan əsas orqanlar, zərbə və atəş vasitələrinin çatma uzaqlığı, əsas sistem və kəşfiyyat komplekslərinin mövqeləri və onların təsiretmə məsafələri, icazəsiz atəşlə təsiretmənin qadağa rayonları idarəetmə məntəqələrində olan avtomatlaşdırma vasitələri monitorlarının (tablonun) üzərində əks olunur. Həmçinin burada düşmənin yaratdığı qruplaşmalar və onun fəaliyyət niyyəti, o cümlədən onların endirilən və planlaşdırılan raket və atəş zərbələrinin xarakteri haqqında məlumatlar göstərilir.
Rəhbərliyin, həmçinin sistemin istənilən digər monitorlarında yaranmış şərait və ya qoşunların fəaliyyəti üzrə təkliflər videogörmə və ya sensor (interaktiv) ekran prinsipi ilə dərhal əks etdirilir. Döyüş fəaliyyətləri aparılmasının gedişində kəşf edilmiş hədəflər haqqında məlumatlar formalaşdırılmış elektron sənəd (hədəf formulyarı) formasında onun vacibliyi göstərilməklə öz indeksi ilə mərkəzi kompüterə göndərilir. Məsələn, birinci növbədə zərər vurulmalı hədəflər (idarəetmə məntəqəsi, zərbə kompleksləri, artilleriya və s.) displeydə təyin edilmiş “işarə” formasında əks olunur.
Tərkibində kəşfiyyat-atəş konturları yaradılmış idarəetmə məntəqələrindən aşkar edilmiş dərhal məhv olunmalı hədəflər barədə, digər vasitələr tərəfindən təkrar atəşlə təsiretmənin istisna olunmasına görə, eyni vaxtda və ya ardıcıl olaraq təyin olunmuş instansiyaya məlumat üçün məruzə edilir. Hədəfin indeksi mövcud funksional kontura aid olmadığı halda, onun haqqında məlumatlar təyinatı üzrə alt zərərvurma sistemi tərəfindən məhv edilməsi üçün komanda verilir. Üst səviyyənin kəşfiyyat-informasiya təminatı sistemindən məlumatlar (hədəf formulyarı) öz indeksləri və elektron imzası ilə müvafiq kəşfiyyat orqanından mərkəzi məlumat bazasına göndərilir. Bu, hədəf haqqında xəbərlərin dəqiqliyini və düzgünlüyünü (vahid hədəf və obyektlər kataloquna uyğun olaraq) təsdiq edir. Avtomatlaşdırılmış idarəetmə sistemi (AİS) indeksinə görə hədəfin hansı icraçı üçün nəzərdə tutulduğunu müəyyən edir, ona zərərvurmanın mümkün məsafəsini, mövcud anda ona digər vasitə tərəfindən zərər vurulmasını, atəşlə təsiretmə üçün qadağan olan rayonlarda olmasını yoxlayır və zəruri məlumatları icraçıya göndərir. Hədəflərin avtomatik rejimdə bölüşdürülməsi variantı da mümkündür. Kəşfiyyat-atəş konturunun yaradılması zamanı hədəf haqqında məlumatlar tranzit vasitəsilə icraçıya göndərilir, onların alınma faktı isə rəsmi olaraq fiksə edilir.
Avtomatlaşdırılmış idarəetmə sisteminin əhəmiyyətinə görə eyni, növünə görə müxtəlif olan qüvvələrin kombinasiyasından ibarət “çağırış üzrə” fəaliyyət variantı da mümkündür. Bu quruluşun xüsusiyyəti, onun, məhdud ixtisaslaşdırılmış (kəşfiyyat, idarəetmə və atəşlə zərərvurma vasitələri və s.) vasitələrdən ibarət olsa da, konkrettipli tapşırıqları yüksək keyfiyyətlə yerinə yetirməsi qabiliyyətidir. Belə proqram təminatlı quruluş, işlənilib hazırlanan yeni servis-yönəldici kompüter texnologiyası ilə analojidir və “Java” proqramı ilə genişləndirilir. Bunun sayəsində rəqəmsal qurğular bu proqramda kompüter şəbəkəsində mərkəzi kompüterin vasitəçiliyi olmadan özü təşkilatlana bilər.
Qoşun kəşfiyyatının, həmçinin üst idarəetmə səviyyəsinin məlumatları kəşfiyyatı idarəetmə məntəqəsinə (KİM) ötürülür. Burada informasiya, zərərvurma zamanı istifadə edilən obyekt (hədəf) məlumatlarına və düşmənin fəaliyyətdə olan qruplaşmasının qiymətləndirilməsinə aid məlumatlara bölünür. Hədəflərin doğru koordinatları kataloqa müvafiq öz indeksləri ilə atəşlə zərərvurmanın koordinasiya qrupuna və ya mərkəzinə açıq ssenari üzrə bölüşdürülməsi üçün göndərilir. Müxtəlifnövlü kəşfiyyat orqanlarının aşkar etdiyi hədəflərin (obyektlərin) bölüşdürülməsi variantı şəkil 2-də göstərilib.
Şəkil 2. Döyüş sistemləri arasında hədəflərin (obyektlərin) bölüşdürülmə alqoritmi
Döyüş fəaliyyətlərinin başlanğıcında və gedişində müdafiənin dayanıqlılığı və ya əməliyyatın müvəffəqiyyəti asılı olan düşmənin zərər vurulmalı daha vacib (prioritet) hədəf və obyektlərin vaxtlıvaxtında aşkar olunması və məhv edilməsi tapşırığı ilə ümumqoşun birliyinin cavabdehlik zonasının daha mühüm rayonlarının yoxlanılması keçirilir.
NATO ölkələri hərbi mütəxəssislərinin fikrincə, silahlı münaqişədə hücum əməliyyatının qabaqlayıcı fəaliyyətlər formasında atəş zərbələrinin HFM-in (hərbi fəaliyyətlər meydanı) bütün dərinliyində vacib obyektlərə və qoşunlara endirilməsi ilə keçirilməsi nəzərdə tutulur. Ən yeni yüksəkdəqiqlikli uzaqvuran silah sistemlərinin, REM vasitələrinin, qoşunları və silahları avtomatlaşdırılmış idarəetmə sistemlərinin kütləvi tətbiqi imkanı əməliyyatlara daha çox gərginlik, dinamiklik və son dərəcə dağıdıcı xarakter verəcək böhran vəziyyətlərinin yaranması ilə nəticələnir. Mübarizə aparan tərəflərin yüksəkdəqiqlikli uzaqməsafəli silahları tətbiq etməsi quru qoşunlarının bilavasitə təmasına qədər döyüş fəaliyyətlərinin ilkin gedişatını müəyyən edə bilər.
Düşmənin müdafiə olunan qoşunlarının bütün əməliyyat düzülüşü dərinliyinə effektiv atəşlə zərərvurma və hücum edən qoşunların sıx atəşlə qarşılıqlı fəaliyyətinin təmin olunması üçün zərərvurma obyektləri hissə, birlik və birləşmələr arasında dəqiq bölüşdürülür. Buna istinadən briqada, diviziya və korpuslar üçün döyüş təsir zonaları və potensial təhlükə zonaları təyin olunur. Dərin atəşlə zərərvurma ilə bərabər, müdafiə olunan düşmənin arxa bölgəsində reyd dəstələrinin və əməliyyat mobil qruplarının tətbiqi planlaşdırılır.
ABŞ silahlı qüvvələrinin “birbaşa qarşıdurma” strategiyasına uyğun olaraq Pentaqonda “havayerüstü əməliyyatı” adlanan əməliyyat konsepsiyası işlənilib hazırlanmış və praktiki olaraq qəbul edilib. Bu konsepsiyanın mahiyyəti düşmənin bütün dərinlikdə eyni vaxtda məhv edilməsi və təşəbbüsün qətiyyətlə ələ keçirilməsi məqsədi ilə yerinə və vaxtına, cəlb edilən qüvvə və vasitələrə görə razılaşdırılmış, adi və yüksəkdəqiqlikli silahların, REM vasitələrinin tətbiqi ilə taktiki aviasiyanın zərbələrdən istifadəni nəzərdə tutan əməliyyatdan ibarətdir. Bu konsepsiyaya görə ABŞ SQ-nin qoşun qruplaşmaları birinci növbədə raket-zərbə komplekslərindən istifadə edərək, eyni vaxtda düşmən qoşunlarının birinci və ikinci eşelonlarına zərbələr endirir, bununla da qətiyyətli hücuma keçmə və düşmənin tamamilə darmadağın edilməsinə şərait yaradır.
Hava-yerüstü əməliyyatının məqsədlərinə nailolunma ümumqoşun birliklərinin cəbhədən qətiyyətli fəaliyyətləri, taktiki aviasiyanın bilavasitə təmasda olan düşmənə zərbələr endirməsi, onun ikinci eşelonlarına atəşlə zərərvurma ilə eyni vaxtda arxa bölgəsinə hava desantlarının çıxarılması və yüksəkmanevrli qüvvələrin reydləri ilə təmin edilir. Hava-yerüstü əməliyyatının əsasını düşmən ordusunun ikinci eşelonlarına maksimal itki vermək, onların irəliləməsini və vuruşa yeridilməsini ləngitmək məqsədi daşıyan dərin atəşlə zərərvurma təşkil edir. Dərin atəşlə zərərvurma vasitələrinin əsas tərkibini ordu korpusunda raket-zərbə kompleksləri, diviziyada isə adi, kaset və idarəolunan mərmiləri tətbiq edən YARS, artilleriya qurğuları, atəş dəstəyi helikopterləri və məsafədən minalama sistemləri təşkil edir. Diviziyanın REM vasitələri düşmənin qoşunları və silah idarəetmə sisteminin işini 50%-ə qədər neytrallaşdırma imkanına malikdir.
NATO quru qoşunlarının əməliyyat və döyüş hazırlığının, son illər aparılmış əməliyyatların təhlili göstərir ki, hücumun təşkili və aparılması zamanı qoşunların yüksəkdəqiqlikli silahlarla və birinci növbədə də kəşfiyyat-zərbə kompleksləri, tank əleyhinə vasitələrlə təchiz olunması, hava məkanından geniş istifadə imkanları döyüş tapşırıqlarını yüksək tempdə və daha çox dərinlikdə aparmağa şərait yaradır.
Rusiya Federasiyası və onunla birgə təhlükəsizlik ittifaqında iştirak edən ölkələrin hərb məharəti nəzəriyyəsinə əsasən, hücum əməliyyatında müvəffəqiyyət birbaşa olaraq müdafiə olunan düşmənə etibarlı atəşlə zərərvurmadan asılıdır. Burada başlıca məqsəd düşmənin mütəşəkkil müqavimətgöstərmə qabiliyyətindən məhrum edilməsi üçün onu itkilərə məruz qoymaq və hücum edənlərə döyüş tapşırığının müvəffəqiyyətlə yerinə yetirilməsinə şərait yaratmaqdan ibarətdir. Buna müdafiə olunan düşmənə raket qoşunlarının, artilleriyanın, aviasiyasının, o cümlədən döyüş helikopterlərinin zərbələri, tank və motoatıcı bölmələrin atəşi, odsaçan vasitələr, həmçinin mühəndis döyüş sursatları ilə razılaşdırılmış kompleks təsir etməklə nail olunur.
Müasir şəraitdə atəşlə zərərvurmanın məzmunu və strukturu bir qədər dəyişib. Hazırda mövcud zərbə və qorunma vasitələrinin nisbəti onlar arasında qarşıdurmanın xüsusi gərgin xarakter aldığı barədə nəticə çıxarmağa əsas verir. Müdafiənin atəş təsirinə qarşı dayanıqlılığı artıb. Hücum edən tərəfin təşəbbüsü ələ keçirməsi üçün düşmən obyektlərinə və ən əsas da yüksəkdəqiqlikli silah sistemləri olan kəşfiyyat-zərbə komplekslərinə, kəşfiyyat-atəş komplekslərinə, nüvə zərbəsi vasitələrinə, döyüş helikopterlərinə, kəşfiyyat, REM, həmçinin məsafədən minalama vasitələrinə dərin atəşlə zərərvurma tələb olunur. Taktiki, eləcə də əməliyyat müdafiə zonasını əhatə edən dərin atəşlə zərərvurmanın zəruriliyi zərərvurma vasitələrinin əsas kütləsinin qoşunların düşmənlə təmas xəttindən xeyli dərinlikdə yerləşməsi ilə şərtləndirilir.
Müasir şəraitdə atəş üstünlüyünün qazanılması hədəflərə gizli yaxınlaşma, tez və qəfil zərbələrin endirilməsi, aşkar olunmuş obyektlərə maksimal uzaqlıqdan yüksək dəqiqlik və böyük effektivliklə zərərvurma, həmçinin düşmənin atəş dəstəyi helikopterlərinin məhv edilməsi ilə xarakterizə olunur. Halhazırda NATO qoşunlarının təlimlərində ümumqoşun birliklərinin bilavasitə aviasiya dəstəyi üçün qarışıq təyyarə-helikopter (həmləedici təyyarə, zərbə və kəşfiyyat helikopterləri) qruplarının zərbələrindən geniş istifadə olunur.
Döyüş təcrübəsi və təlimlərin nəticələri göstərir ki, helikopterlərin yüksək mobilliyi atəş üstünlüyünün ələ keçirilməsi və saxlanılması marağında lazım olan anda vacib obyektlərə zərərvurma üçün kütləvi atəşi cəmləşdirməyə, qısa bir vaxt ərzində onu bir istiqamətdən digərinə keçirməyə imkan verir. Helikopterlərin cəmləşdirilmiş zərbələri, adətən döyüşün daha vacib anlarında əks-həmlənin, böyük tank qüvvələrinin həmləsinin dəf edilməsi, ikinci eşelonun vuruşa yeridilməsi, su maneələrinin döyüşlə keçilməsi zamanı endirilir. NATO ölkələri qoşunlarının komandanlığı tərəfindən müdafiə əməliyyatında düşmənə atəşlə zərərvurmanın həyata keçirilməsi döyüş fəaliyyətlərində müvəffəqiyyətin əldə edilməsi üçün əsas və daha mürəkkəb tapşırıqlardan biri kimi qiymətləndirilir. Mütəxəssislərin fikrinə və ABŞ SQ-nin keçirdiyi təlimlərin təcrübəsinə görə mobil və mövqe müdafiəsi kompleks formada dayanıqlı və aktiv aparılaraq dərin eşelonlaşdırılmalı, aviasiyanın tank əleyhinə vasitələri ilə mübarizəyə, kəşfiyyat-zərbə komplekslərinin kütləvi zərbələrinə və artilleriyanın atəşinə qarşı dözümlülüyə qadir olmalıdır.
Qoşunların fəaliyyətlərində yüksəkdəqiqlikli silahların, ilk növbədə də kəşfiyyat-zərbə komplekslərinin, tank əleyhinə vasitələrin, tankların, artilleriyanın, aviasiyanın, pilotsuz uçuş aparatlarının (PUA) geniş tətbiq edilməsi müdafiə olunan birliklərə aktiv döyüş fəaliyyətləri aparmağa və hətta hücum xarakterli tapşırıqları müvəffəqiyyətlə yerinə yetirməyə imkan verir. Bu zaman əsas üstünlüyün yeni nəsildən olan adi silahların tətbiqinə, zərərvurma qüvvə və vasitələrinin geniş manevrinə verilməsi müdafiə olunan tərəfə düşmənin xeyli üstün qüvvələrinin hücumunu dəf etməyə imkan yaradır.
Son dövrlərdə NATO ölkələri rəhbərliyinin HHQ-nin əməliyyatlarda atəşlə zərərvurmada rolu və yeri barədə fikirləri xeyli transformasiya olunub. Belə ki, blokun müasir döyüş aviasiyası yeni keyfiyyətlərə sahib olduqca HHQ-nin atəşlə zərərvurma qüvvə və vasitələrinin döyüş tətbiqi forma və üsullarında da dəyişikliklər aparılır. HHQ-nin tətbiqi, əsasən, hava əməliyyatlarının təşkili və aparılması zamanı həyata keçirilir. Belə ki, əməliyyatlar zamanı aviasiya nəinki havada hökmranlığın qazanılması və əldə saxlanılmasına, həmçinin silahlı qüvvələrin digər növlərinin, o cümlədən xüsusi əməliyyat qüvvələrinin dəstəklənməsinə cəlb edilir. NATO ölkələrinin birləşmiş qüvvələr komandanlığı qoşun qruplaşmasının döyüş gücünün əsasını təşkil edən bilavasitə aviasiya dəstəyi təyyarələrinin və helikopterlərin, gəmilərin atəşlə zərərvurma vasitələrinin, artilleriyanın, minaatanların, raketlərin cəlb edilməsi ilə obyektlərin məhv edilməsi və dağıdılması üzrə əməliyyatın keçirilməsini nəzərdə tutan birgə atəşlə zərərvurmanın planlaşdırılmasına və keçirilməsinə xüsusi diqqət yetirir.
Nəticə
Düşmənə atəşlə zərərvurmanın yeni nəzəriyyəsinin və keçirilən təlimlərin təcrübəsinin təhlilindən görünür ki, əməliyyatların əsas xüsusiyyəti müxtəlif qoşun növlərinin atəşlə zərərvurma qüvvə və vasitələrinin tətbiq xarakterindən asılı olaraq mərkəzləşdirilərək idarə edilməsindən ibarətdir. Atəşlə zərərvurma vasitələrinin döyüş tətbiqinin forma və üsullarının inkişafı döyüşü idarəetmə, kəşfiyyat, rabitə sistemlərinin təkmilləşdirilməsi və yüksəkdəqiqlikli silahların kütləvi istifadəsi ilə şərtləndirilir.
Müasir əməliyyatlarda və hərbi fəaliyyətlərdə atəşlə zərərvurmanın xüsusiyyətləri araşdırılaraq müəyyən edildi:
– yeni texnologiyaların inkişafı ilə eyni zamanda atəşlə zərərvurma qüvvə və vasitələrinin tətbiqinin forma və üsullarının da təkmilləşdirilməsi tələb olunur;
– əməliyyat tapşırığının yerinə yetirilməsi marağında düşmənə atəşlə zərərvurmanın optimallaşdırılmasının, bütün naviqasiya, kəşfiyyat, idarəetmə və rabitə vasitələrinin imkanlarının inteqrasiyasının effektiv yollarının axtarılması zəruridir;
– inkişaf etmiş ölkələrin silahlı qüvvələrində kəşfiyyat-zərərvurma, kəşfiyyat-atəş sistemlərinin yaradılmasına görə adekvat tədbirlərin görülməsi tələb edilir.
Polkovnik T.N.Mikayılov
Ordu.az